Nizami kinoteatrı

“Nizami” kinoteatrı görkəmli memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilmiş və 1934-cü ildə istifadəyə verilmişdir. İlk dövrlərdə bu sənət ocağı “Bədaye” kinoteatrı adı altında fəaliyyət göstərmişdir. Daha sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar “Nizami” kinoteatrı adlandırılmışdır. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” çərçivəsində burada aparılan əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə başa çatdırılmışdır.

Su və kanalizasiya xətlərinin nasazlığı, yeraltı sular binanın özülünü yararsız hala salmışdı. Ona görə də binanın bünövrəsi tamamilə qazılmış, yükdaşıyan konstruksiyalar gücləndirilmişdir.Təmirdən sonra isə kinoteatrın binasında dörd zal yaradılmışdır. Xaricdə istehsal olunan rəqəmsal kinoproyektorlarla, digər kinoqurğularla təchiz edilmiş bütün zallarda işıq, səs, akustika sistemləri yenidən qurulmuşdur. Aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra kinoteatr tamaşaçılar üçün yüksək rahatlığın təmin olunduğu mədəniyyət ocağına çevrilmişdir.