Neft platformalarında və çənlərində baş verən yanğın - ən yüksək mürəkkəblik dərəcəsi olan yanğın kimi təsnif edilir. Çünki, belə yanğın nəticəsində ayrılan toksik qazlar və çox yüksək hərarət səbəbindən, yanğınsödürən gəmilər alova bürünmüş platformaya yaxınlaşa bilmirlər.
Obyektin yanğın təhlükəsizliyinin öyrənilməsi zamanı onun yerləşdiyi açıq meydançada alovun söndürülməsi üçün dispersiya edilmiş (narın zərrələrə parçalanmış) su ilə (su tozu və ya dumanı ilə) yanğınsöndürmə metodu tətbiq olunur. Bu zaman açıq meydançada olan obyektin perimetri boyunca üzərində çoxlu sayda püskürdücü sprinklerlər olan borular quraşdırılır. Su xüsusi nasoslar vasitəsilə yüksək təzyiq altında bu borular – perimetral sprinklerlər sisteminə vurulur.
Yanğın xəbərdaredici cihazının işə düşməsi zamanı bu təzyiqli su, sprinklerlərin qapadıcı tıxacını açır. Sprinklerin içindən keçən su milyonlarla xırda zərrəciyə, başqa sözlə, qatı dumana çevrilir. Su tozunun meydançanın perimetri boyunca yüksək təzyiqlə hərəkət etməsinin hesabına çox tezliklə meydançanın bütün üzəri qatı su buludu ilə örtülür. Bu dumanın ortasında isə bütün hava yolu kəsilmiş alov mənbəyi olur.
Alov, yanma üçün zəruri olan oksigeni özünə tərəf çəkir. Lakin havanın alova tərəf hərəkəti zamanı yaranmış su tozu da onunla birlikdə hərəkət etməyə başlayır. Beləliklə, iki ziddiyyətli mühitin: alovun və su tozunun toqquşması zamanı buxar yaranır. Bu buxar sanki bir pərdə, təbəqə yaradır ki, bununla da oksigenin yanma ocağına daxil olmasının qarşısını kəsir. Prosesin davamında su tozu daima ayrılır və yaranan buxarla birlikdə olan duman konsentrasiyası oksigeni sıxışdırıb çıxarır. Bu yolla da qısa zaman ərzində alovun tam söndürülməsi təmin edilir.
Başqa yanğınsöndürən agentlərin lazımi məhsuldarlıq təmin edə bilmədikləri şəraitdə, bu metod özünü çox gözəl şəkildə doğrultmuşdur. Bundan başqa, əsas yanğınsöndürmə agenti kimi sudan istifadə olunması bu metodu ucuz və geniş tətbiq edilə bilən edir. Dənizdə yerləşən neft platformalarında isə adi suyu çox rahatlıqla dəniz suyu ilə əvəz etmək mümkündür.
Dispersiya edilmiş su ilə yanğının söndürülməsi metodunda intellektual dönən ucluqlardan (soplolardan) istifadə etmək isə küləyin istiqamətini də nəzərə alaraq, su tozunun dəqiq püskürdülməsini həyata keçirməyə imkan verəcəkdir. Çünki, buxar dumanını yayan və alovu hava ilə “doyuzduran” güclü külək, yanğının söndürülməsi planlarına mane ola bilər. Bu zaman ucluqlar, tozlandırılan suyu lazım olan müəyyən bir istiqamətə yönəldərək, küləyə alovu böyütməyə imkan verməyəcəkdir.