İllər və əsrlər keçir, artıq yanğınların yalnız su ilə söndürüldüyü dövrlər də arxada qalmışdır. Müasir zamanımızda alovlanmanı elə lap başlanğıc anındaca söndürmək üçün artıq əlimizin altında bir neçə vedrə suyun olması vacib deyildir – çünki bunun üçün müasir yanğınsöndürən vasitədən – odsöndürəndən istifadə etmək kifayət edir. Yanğın təhlükəsizliyi qaydalarına görə bütün istehsalat və ictimai yerlərdə, həmçinin bütün nəqliyyat vasitələrində odsöndürən olmalıdır.
Odsöndürən – xüsusi yanğın söndürən vasitələrin köməyi ilə alovlanma ocağını söndürmək üçün nəzərdə tutulmuş yanğın avadanlığı növüdür. Nəql edilmə üsuluna görə odsöndürənlər üç növ olur: daşınan, səyyar və stasionar. Odsöndürənlər müxtəlif həcmli od söndürən maddəyə malik olurlar və müxtəlif ölçülü yanğınlar zamanı istifadə edilirlər. Daşınan və səyyar odsöndürən növləri insanın iştirakı ilə istifadə oluna bilirlər. Stasionar odsöndürən isə mümkün yanğın ocağının bilavasitə yaxınlığında quraşdırılır və avtomatik şəkildə işə düşür.
İstifadə etdikləri od söndürən maddənin növünə görə də odsöndürənlər bir neçə yerə bölünürlər. Belə odsöndürənlər: tozla işləyən, qazla işləyən, köpüklü və su ilə işləyən növlərdir. Odsöndürən növlərinin hər biri beş səviyyəli mürəkkəblik dərəcəsi olan müxtəlif tipli yanğınların söndürülməsi üçün nəzərdə tutulmuşdur.
Tozla işləyən odsöndürənlərin geniş istifadə diapazonu vardır. Belə odsöndürənlər elektrik avadanlığında baş vermiş yanğının söndürülməsində də istifadə edilə bilərlər. Qazla işləyən odsöndürənlər yanğın əleyhinə universal vasitələr növünə aiddirlər. Köpüklü odsöndürənlər bərk maddələrin və yanacağın alovlanması zamanı, həmçinin təqribən 1 kvadrat metr sahədə bəzi tezalışan mayelərin yanması zamanı tətbiq edilir. Gərginlik altında olan elektrik avadanlığının yanması zamanı isə su ilə işləyən odsöndürənlərdən istifadə qadağan edilmişdir.
Odsöndürən istifadə üçün qəbul edilən zaman, onun bəzi xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. Xüsusilə də odsöndürənin balonunun həcminə, odsöndürmə qabiliyyətinə, iş temperaturunun diapazonuna, onun aşınmaya (korroziyaya) davamlılığına və odsöndürən maddənin elektrik keçiriciliyinə fikir vermək zəruridir.
Odsöndürənləri saz vəziyyətdə, işə yararlı halda saxlamaq üçün bir sıra tədbirlər görmək lazımdır. Bu tədbirlərə: odsöndürənlərin mütəmadi olaraq yoxlanılması, onların yenidən doldurulması, texniki şəhadətnaməsinin alınması, ayrı-ayrı detallarının və püskürdücü qovşağının təmiri, balonların aşınmaya davamlılığını artıran keyfiyyətli rənglənməsi aiddir.
Odsöndürənlərin işçi vəziyyətdə saxlanılması – yanğın təhlükəsizliyi sahəsində olan kompleks tədbirlərin bir hissəsidir. Bu baxımdan, odsöndürənlərə zəruri qulluq üçün vaxtında mütəxəssislərə müraciət edilməsi təhlükəli vəziyyətlərin qarşısını ala bilər.