Yanğınsöndürmədə istifadə olunan robotlar məsafədən idarəedilən, maili və 360 dərəcə dönən ucluqla (soplo) təchiz edilmiş altlıqlı (lafet) lülədən ibarətdir. Bu cür qurğular xüsusi zərbəyə və partlayışadavamlı gövdələrdə (korpuslarda) yığılmış və həm idarəedilən, həm də avtonom rejimdə ekstremal şəraitdə işləmək üçün nəzərdə tutulmuşdur.
Yanğınsöndürmənin tam muxtar (avtonom) şəkildə aparılmasının həyata keçirilməsi üçün stasionar robotda süni intellekt sistemi tətbiq edilmişdir. Süni intellekt sistemi yanğınsöndürən robota özünün müxtəlif səpkili xəbərdaredici cihazlarından məlumat toplamağa, bu məlumatı təhlil etməyə və istisna metodu ilə yanğının vəziyyətini müəyyən etməyə imkan verir. Sistemin bir sıra amilləri və siqnalları təhlil etməsi, yanğının söndürülməsi zamanı xəta və səhvlərdən yayınmağa imkan verir.
Məsələn, dəniz platformasının üzərində quraşdırılmış belə altlıqlı lülə, suyun parıltısını yanğın mənbəyi kimi qəbul etməyəcəkdir. Çünki, digər cihazlardan gələn məlumat bu siqnalı təsdiq etməyəcəkdir. Sistemi başqa cür instalyasiya da etmək mümkündür. Bu zaman robot sistemin seqmentlərindən birinə çevrilərək, hərəkətlərini mərkəzi idarəetmə sistemi ilə, elektron cihazlarla və yaxud işçi heyətlə koordinasiya edib, məlumatı avtomatlaşdırılmış idarəetmə sistemindən alacaqdır.
Yanğının söndürülməsini həyata keçirən robot yalnız yanğının istiqamətini və gücünü qiymətləndirməklə kifayətlənmir. Sistemə daxil olan ayrı-ayrı xəbərdaredici cihazlar alovlanma mənbəyinə qədər olan məsafəni müəyyən edir və buna müvafiq olaraq, ucluqdan çıxan şırnağın gücü və uzaqlığa vurulması tənzimlənir. Dönən ucluq (soplo) yanğın söndürən agent qismində həm adi suyu, həm də köpüyü istifadə etməyə imkan verən qurğu ilə təchiz edilir. Bundan əlavə, söndürən agentin püskürdülməsinin özü də nizamlana bilir. Məsələn, robot suyu həm ümumi şırnaq şəklində, həm də ki, su tozu formasında vurmaq iqtidarındadır.
Müasir materiallar yandıqları zaman ətraflarında insan həyatı üçün zərərli olan atmosfer yaradırlar. Belə zəhərli atmosfer səbəbdən də, yanğının söndürülməsində iştirak edənlər alovun söndürülməsini ya heç apara bilmir, ya da ki, kor-koranə aparırlar. Bunun nəticəsi isə çox zaman azeffektli, bəzən isə tamamilə faydasız olur.
Altlıqlı lülənin isə yanğın baş verən yerdən təxliyyə (evakuasiya) olunmasına ehtiyac yoxdur – çünki, yüksək hərarət olan mühit onun üçün qorxulu deyildir. Yanğının episentrində olan bu lülə nöqtəvari (lokal) yanğınsöndürməni həyata keçirməyə imkan verir. Bu isə şübhəsiz, yanğın təhlükəsizliyinin səviyyəsini yüksəltməyə, və bunun da nəticəsi olaraq insan həyatlarının və maddi dəyərlərin qorunmasını keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verir.