T. Bəhramov adına Stadion

Tofiq Bəhrəmov stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Mövcud 29 min 870 oturacağı olan tribunanın bir hissəsi sökülmüş və yerində yeni tribuna inşa edilmişdir. Nəticədə oturacaqların sayı 31 min 200-ə çatdırılmışdır. Stadionun ön giriş hissəsində bilet satışı binası inşa edilmişdir. 

Burada eyni vaxtda 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılmışdır. Stadionun ön fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılmışdır. Giriş hissədəki bağda da yenidənqurma işləri aparılmışdır.

Tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılmışdır. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulmuşdur. Burada quraşdırılmış işıqlandırma dirəklərinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilmişdir.

Qeyd edildi ki, stadionda tribunaların üstünün bağlanması üçün xüsusi fəza konstruksiyası quraşdırılmış və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülmüşdür.